|

Aydan Həsənova: “Ən böyük arzum ev almaqdır”
Ali
məktəblərə yenicə başa çatan qəbul imtahanlarında 7 abituriyent
test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verməklə
700 bal toplayıb. Ali məktəblərə 4-cü ixtisas qrupu üzrə isə 3
abituriyent 700 bal yığıb. İmtahanda yüksək nəticə göstərən
Aydan Həsənova da tələbə adını qazanmağın sevincini yaşayır.
İmtahanda uğur əldə etmək hər bir abituriyentin arzusudur. Ancaq
bu nailiyyət heç də asan qazanılmır.
Yüksək
nəticə əldə etmək üçün abituriyentlər ilk növbədə qarşılarına
məqsəd qoymalıdır. Necə ki, bunu Aydan Həsənova edib. Bakı Türk
Liseyinin məzunu olan Aydan sual kitabçasındakı 125 sualın
hamısını düzgün cavablandıraraq 700 bal toplayıb. Aydan bu
uğrunda müəllimlərinin daha çox əməyi olduğunu deyir. Ancaq
qazandığı nailiyyətin onun üçün gözlənilən olduğunu bildirir.
Azərbaycan Dövlət Tibb Universitetində müalicə işi fakültəsində
ali təhsil almaq istəyən Aydanın əsas məqsədi yaxşı cərrah
olmaqdı. Aydan ailənin yeganə övladıdır. O, ailəsi ilə birlikdə
aspirantların yataqxanasında yaşayır. Aydanın atası 13 ildir ki,
vəfat edib. Anası Sevinc xanım isə İnformasiya Texnologiya
Universitetində sektor müdiri işləyir. O, qızı ilə fəxr etdiyini
dedi. Qazandığı nailiyyətlə bağlı özü bunları dedi.
- Cəmi bir
il biologiya və kimya fənnindən repetitor yanına getmişəm.
Fizikadan isə iki ay getmişəm. Gördüm uşaqlar gedir mən də
həvəsləndim.
- Necə
fikirləşirsən, orta məktəb təhsili ilə universitetə qəbul olmaq
olar?
- Mən
liseydə oxumuşam. Oradakı təhsilin səviyyəsi isə çox yüksəkdir.
Məktəblərdəki təhsilin səviyyəsindən xəbərim yoxdur. Yəni mən
repetitor yanına getməsəm də universitetə daxil ola bilərdim.
Sadəcə uşaqlar getdiyi üçün mən də həvəsləndim. Amma sinfimizdə
elə uşaqlar var ki, heç müəllim yanına getmirdilər, universitetə
daxil oldular. Hətta sinif yoldaşlarımdan biri repetitor yanına
getməyə-getməyə 685 bal yığdı.
-
Neçə ildir ki, yataqxanada yaşayırsınız?
- 10 ildir
ki, burada yaşayırıq. Anam İnformasiya Texnologiya
Universitetində işləyir. Atam rəhmətə gedəndən sonra ailə
vəziyyətimizə görə bizə yataqxanada ev verdilər. Əvvəllər
kirayədə qalırdıq. Ev almağa hələ ki, imkanımız yoxdur.
-
Yataqxana şəraitində yaşamaq dərs oxumağına mane olmurdu?
- Mən öncə
anama təşəkkür edirəm ki, dərs oxumağım üçün mənə hər bir şərait
yaradırdı. Məlumdur ki, yataqxana səsli-küylü yer olur. Bu
səbəbdən də mən özümü elə öyrəşdirmişəm ki, televizor
izləyə-izləyə dərs oxuyuram.
-
Sinfinizdən neçə uşaq universitetə daxil olub?
- Bizim
sinfimizdə 500-dən aşağı bal toplayan yoxdu. Hamı bir nəfər kimi
universitetə daxil olub. Uşaqların çoxu oxumaq üçün Türkiyəni
seçiblər.
- Bəs sən
nə yaxşı Türkiyəni seçmədin?
- Mən
Almaniyada oxumaq istəyirəm. Türkiyəni seçsəydim getməmək
hüququm yox idi. Amma burda oxusam, bir ildən sonra Almaniyaya
getmək imkanım var.
- Niyə
Almaniya?
- Xaricdə
təhsilin səviyyəsi daha yüksəkdir.
Ola bilər ki, burda da yaxşı təhsil alasan, amma praktika üçün
ideal şərait yoxdur.
Təhsil almaq
üçün Almaniyanı seçsəm də, işləmək üçün Azərbaycana qayıdacağam.
Azərbaycanda anadan olmusansa Azərbaycan üçün də çalışmalısan.
Bu bizim məktəbimizin devizidir, hər birimiz buna əməl
etməliyik.
- 700 bal
yığacağını gözləyirdin?
- Sinif
yoldaşlarım inanırdılar ki, maksimal bal yığacağam. Əslində
mənim üçün fərqi yoxdur. Hansı qrup üzrə versəydim bu nəticəni
göstərəcəkdim. Yəni qruplara bölünsək də fənlər arasında
ayrı-seçkilik salmamışam. Hamısını eyni səviyyədə mənimsəməyə
çalışmışam.
- Hər il
qəbul imtahanlarından sonra Təhsil Nazirliyi bəyan edir ki, TQDK
qəsdən sualları çətinləşdirir. Bu fikirlə razısanmı?
- Bu fikir
mənim də diqqətimi çəkmişdi. Amma imtahandan sonra əmin oldum
ki, bu heç də belə deyil. Bütün suallar orta təhsil proqramında
olan dərsliklərdəndir.
- Özün
dediyin kimi, rüşvətin olmadığı bir yerdə oxumusan. Amma
Azərbaycan reallığından xəbərdarsan...
- Həyatda ən
zəhləm gedən şey rüşvətdi. Amma deyirlər öz savadı ilə oxuyan
tələbələri mənəvi cəhətdən çox əzirlər. Bilmirəm, ola bilər ki,
məcburiyyət qarşısında qalıb rüşvət verərəm. Amma dediyim kimi,
təhsil aldığım liseydə bir manat da pul keçmir. Əksinə,
bayramlarda yaxşı oxuyan şagirdlər simvolik olaraq pul ilə
mükafatlandırılırdılar.
-
Nəticələr elan olunduqdan sonra kimlər sənə hədiyə aldı?
- Ən böyük
hədiyyəni anam etdi. Limitsiz internet açdırdı.
Aydanın ən böyük arzusu ev almaqdır: “ Ən çox iki arzuma çatmağı
istəyirəm.
Birincisi ev
almaq, ikincisi isə Almaniyada təhsil almaq”.
Qeyd edək ki, 1-ci ixtisas qrupu üzrə 700 bal toplayan Nəriman
Məmmədli də Aydan Həsənova ilə bir məktəbdə təhsil alıb.
Zülfiyyə SAKİTQIZI |