|
Ali
məktəblərə qəbul imtahanlarında ilk dəfə 700 bal (6
nəfər) 2008-ci ildə toplanılıb. Ötən ilki imtahanlarda isə 2
nəfər 700 bal toplaya bilmişdi. Bu il isə rekordçuların sayı 7
nəfərdir.
Onlar yeddi
nəfərdir və hazırda tələbə adını qazanmaq üçün hər kəsin həsəd
aparacağı ən yüksək göstəricini əldə ediblər. Bəziləri hələ
imtahandan əvvəl bu uğuru əldə edəcəyinə tam əmin olub, bəziləri
isə hər cür hazırlığa rəğmən yenə bir balaca həyəcan hissi
keçirib. İlkin Məsimov, Aydan Həsənova, Esmira Baxşəliyeva,
Nəriman Məmmədli, Aygül Tanrıverdiyeva (hamısı Bakı), Günel
Abdullayeva (Şəki), İsmayıl Kazımov (Mingəçevir) bu gün
ölkəmizin ən populyar, örnək göstərilən gəncləridir. Biz də 110
minə yaxın abituriyentin iştirak etdiyi bilik yarışında ən
yüksəl bal toplayan bu gənclərlə həmsöhbət olduq.
“Evin hər
tərəfini “700 bal
yığacaqsan”
yazıları bəzəmişdi”
Özünü IV
ixtisas qrupunda sınayan Bakı şəhərindəki 115 saylı məktəbin
məzunu Aygül Tanrıverdiyeva imtahandan əvvəl 700 bal
yığacağından əmin olmadığını bildirərək, bu nəticənin səbəbini
belə izah etdi: “Hər dəfə TQDK-nın keçirdiyi sınaq
imtahanlarında mexaniki səhvlərimin ucbatından 650 - 680 bal
toplayırdım. 700 bal yığmağa özümə söz verərək imtahandan
əvvəlki iki ayda daha çox çalışdım”. Fizika-Riyaziyyat və
İnformatika Təmayüllü Liseyin məzunu, II qrup üzrə maksimal bal
toplayan İlkin Məsimov da 700 balın onun üçün sürpriz olduğunu,
bu uğuru qazanmaqda anasının xüsusi rolunun olduğunu qeyd edərək
belə dedi: “700 bal toplayacağıma anam daha çox inanırdı. Bacım
isə evin hər tərəfini “700 bal yığacaqsan” yazıları ilə
bəzəmişdi. Onlar hər dəfə mənə deyirdilər ki, sən bunu
bacaracaqsan. İmtahan zamanı isə bütün suallara 1 saat 30 dəqiqə
ərzində cavab verəndə artıq maksimum bal toplayacağıma əmin
oldum”.
Bütün
suallara doğru cavab vermiş yeddi abituriyentin hər biri
sistəmli şəkildə hazırlaşdıqlarını, imtahana iki qalmış daha çox
çalışdıqlarını, hətta il boyu istirahətə də yer ayırdıqlarını
vurğuladı.
Maksimallar
iki
universitetə
üstünlük verirlər
Abituriyentlərlə söhbət zamanı bəlli oldu ki, onlar seçim zamanı
iki universitetə üstünlük veriblər. Belə ki, IV ixtisas qrupu
üzrə Esmira Baxşəliyeva, Aygül Tanrıverdiyeva və Aydan Həsənova
Azərbaycan Dövlət Tibb Universitetində, I ixtisas qrupu üzrə
Nəriman Məmmədli və Günel Abdullayeva, II ixtisas qrupu üzrə
İsmayıl Kazımov və İlkin Məsimov isə Qafqaz Universitetində
təhsil almaq niyyətindədir. Bundan başqa maraqlı bir fakt da
budur ki, 700 bal toplayan 7 nəfərin 5-i “Araz” hazırlıq
kurslarının dinləyiciləridir. Kurs hazırlığı ilə repititor
hazırlığı arasındakı fərqə Türkiyə Dəyanət Vəqfinə aid Bakı Özəl
Türk Liseyinin məzunu Nəriman Məmmədli belə münasibət bildirdi:
“Kurslarda dərslər daha sistemli və proqramlı şəkildə keçilir.
Bundan əlavə kurslarda hazırlanmış ədəbiyyatın - dərsliklərin
mənə xüsusi köməyi oldu”. Şəki rayonundan ilk dəfə I ixtisas
qrupu üzrə maksimal bal toplayan Kiçik Dəhnə kənd orta
məktəbinin yetirməsi Günel Abdullayeva isə kursda hazırlaşmağın
üstünlüyünü belə izah etdi: “Müəllim yanına gedərkən
abituriyentin vaxt itkisi çox olur, bundan əlavə, fikir
dağınıqlığı da yaranır. Kurslarda isə tədris kompakt şəkildə
aparıldığı üçün vaxtın itirilməsi minimuma endirilir. Daha bir
üstünlük ondan ibarətdir ki, hər həftənin sonunda keçdiyimiz
dərslərdən test imtahanı verirdik. Bu da istər dərslərin
təkrarlanması, istərsə də, imtahana psixoloji cəhətdən hazırlıq
baxımından çox əhəmiyyətlidir”.
Uğurun
qazanılmasında
TQDK-nın da
payı az deyil
Bakı Türk
Liseyinin yüksək bal toplayan daha bir məzunu Aydan Həsənova
TQDK-nın fəaliyyətini qiymətləndirərək imtahanların yüksək
səviyyədə keçirildiyini söylədi: “İmtahanda verilmiş suallar çox
gözəl tərtib olunmuşdu. Suallar həm məntiqli idi, həm də
çətinlik baxımından bütün səviyyələri əhatə edirdi”. TQDK-nın
sədri Məleykə Abbaszadənin il ərzində kütləvi informasiya
vasitələri ilə ictimaiyyəti məlumatlandırdığından razı-lığını
bildirən A. Həsənova öz xahişini də dilə gətirdi: “Məlum olduğu
kimi, sınaq imtahanları qəbul imtahanından 2 ay əvvəl başa
çatır. Mənə belə gəlir ki, sınaq imtahanlarının vaxtının bir az
da uzadılması daha səmərəli olardı. Çünki bu, imtahan öncəsi
bizim real imkanlarımızı daha dolğun əks etdirərdi”. Mingəçevir
şəhərindən də ilk dəfə 700 bal toplayan, Nizami Gəncəvi adına
məktəbin şagirdi İsmayıl Kazımov isə deyilənlərə əlavə olaraq öz
təklifini də irəli sürdü: “Ali məktəblərə hazırlaşarkən TQDK-nın
sınaq imtahanlarının köməyi danılmazdır. Ancaq təklif edərdim
ki, regionlarda imtahanlar ya eyni vaxta keçirilsin, ya da
müxtəlif vaxtda keçirilən imtahanlarda verilmiş suallar fərqli
olsun. Məsələn, Şəkidə keçirilən sınaq imtahanında iştirak edən
abituriyent sualları bizim məktəbə də gətirir. Beləliklə, biz
imtahana girməmişdən əvvəl artıq imtahan sualları ilə tanış
oluruq. Bu isə bizim imtahan hazırlığımızın real səviyyəsini əks
etdirmir”. İlkin Məsimov isə köməkçi vəsaitlərin hazırlıq
prosesinə önəmli təsirini belə ifadə etdi: “TQDK-nın ingilis və
Azərbaycan dilləri üzrə bu il işıq üzü görən kitabları hazırlıq
müddətində çox yararlı oldu. Məncə, təkcə bu kitabları oxumaqla
da bütün suallara doğru cavab vermək mümkündür”.
Uğura görə
hədiyyə
almaq çox xoşdur
Böyük uğura
imza atan yeddi gənclə söhbət zamanı onların maddi baxımdan çox
da imkanlı ailələri təmsil etmədiklərinin şahidi olduq.
Çalışqanlığı və əzmkarlığı nəticəsində 700 bal toplayan, Bakı
şəhərindəki 72 saylı orta məktəbin məzunu Esmira Baxşəliyeva
sadə bir ailənin övladı olduğunu dilə gətirərək əlavə etdi:
“Anam evdar xanım, atam isə mühəndisdir”. Təsadüfi deyil ki,
İlkin Məsimov, Günel Abdullayeva, Aydan Həsənova və İsmayıl
Kazımov müəllim ailəsində dünyaya göz açıblar.
Onların uğur
qazanmasında həvəsləndirici vasitələrin böyük rol oynadığını
deyən İsmayıl Kazımov: “ İmtahandan əvvəl Mingəçevir Şəhər İcra
Hakimiyyətinin başçısı Mübariz Ağayev bizim məktəbə gəlmişdi. O,
söz verdi ki, kim 700 bal toplasa, həmin şəxsə maşın hədiyyə
edəcək”-dedi. İlkin Məsimovun hədiyyəsini isə valideynləri elə
imtahan günü alıblar. Kreditlə alınmış maşın İ. Məsimovun lap
ürəyincə olub: “Məktəbimizin direktoru Tarıyel Talıbov da 700
bal topladığımı öyrənəndə noutbuk hədiyyə edəcəyinə söz verdi”.
Gənclərlə
söhbət zamanı o da bəlli oldu ki, onlar ali məktəblərə qəbul
olmaq üçün yalnız son iki-üç ildə deyil, dərsə, elm öyrənməyə
olan maraqları ibtidai sinifdən başlayıb. Bu bir daha TQDK-nın
sədri Məleykə xanımın “Hər bir kəsdə dərsə, kitaba olan
münasibəti uşaqlıqdan formalaşdırmaq lazım-dır. Uşaq erkən
yaşlarından ailədə mütaliəyə, biliyə maraq görməlidir. Əsas odur
ki, uşağı sevəsən, onunla məşğul olub vaxtını sərf edəsən. Hər
uşağın içində bir istedad var. 17 yaşınadək bir ağac
sulanmayıbsa və quruyubsa, sonradan o ağaca nə qədər su töksən
də yaşıllaşmayacaq”- fikirlərini təsdiq edir.
Rəşad Zalov |